Tələbələr arasında birinci mədəni irs olimpiadası başa çatmışdır
21.5.2013

“Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin (İB) təşkilatçılığı ilə Ağsu və İsmayıllı rayonlarında birinci Miras rəssamlıq simpoziumu davam edir.

İctimai Birliyin sədri Fariz Xəlilli bildirmişdir ki, mayın 15-də başlamış və ayın 22-dək davam edəcək simpoziumun məqsədi regionlarda rəssamlığın inkişafına dəstək vermək, bu sahəyə paytaxtdan kənarda da diqqət və marağı artırmaq, ümumiyyətlə, ölkədə rəssamlıq simpoziumları ənənəsi yaratmaqdır.
Bu məqsədlə Bakıdan bir qrup gənc rəssam Orta əsr Ağsu şəhəri qazıntı sahəsi ilə tanış olmaqdan ötrü Ağsuya gəlmişdir.

Mayın 20-də onlar Ağsu şəhər məktəblərinin rəssamlığa həvəs göstərən 20-yə yaxın şagirdinə ustad dərsləri keçmişlər.

Yeniyetmə oğlan və qızlar hamilərindən rəssamlığın bəzi sirlərini öyrənmiş və yeni qazandıqları biliklərdən faydalanaraq rəsmlər çəkmişlər.
Ümumiyyətlə, simpozium zamanı iki gün ərzində iştirakçılar Orta əsr Ağsu şəhərinin qazıntı sahəsi ilə tanış olmuş və gördüklərini kətan üzərinə köçürmüşlər.

Daha sonra simpozium İsmayıllıdakı “Qaya” mehmanxanasında oteldə davam etdirilmişdir.

Simpoziumunda Azərbaycanın gənc rəssamları Anar Hüseynzadə, Anar Qəmbərli, Aydın Əsgərov, Məmməd Rəşidov, Vüqar Qurbanov, Fərid Mirzəyev, Fəxri Abbasov və Bəxtiyar Yusubov iştirak edirlər.

F.Xəlilli onu da bildirmişdir ki, həm şagirdlərin, həm də paytaxt rəssamlarının simpozium müddətində hazırladıqları əsərlər İB-in kolleksiyasında saxlanılacaq və gələcək layihələrdə Azərbaycanda və ölkənin hüdudlarından kənarda nümayiş olunacaqdır.

Bu əsərlərin ilk dəfə 15 iyun - Milli Qurtuluş Günü münasibətilə Orta əsr Ağsu turizm kompleksində təşkil olunacaq sərgidə nümayiş etdirilməsi nəzərdə tutulur.

AzərTAc