Tokiodakı “Səma ağacı”na bir il ərzində 5 milyondan çox adam “dırmaşmışdır”
23.5.2013

Mayın 22-də Tokiodakı “SkyTree” (“Səma ağacı”) deyilən teleqüllənin və onun yaxınlığındakı ticarət-əyləncə kompleksinin açılışının birinci ildönümü qeyd edilmişdir. Bu obyektlərin açılışı günündən keçən bir il ərzində buraya 50 milyondan çox adam gəlmişdir.
“SkyTree” dünyada ən uca əlahiddə telekommunikasiya qülləsidir. Hündürlüyü 634 metr olan teleqülləyə bir il ərzində gələnlərin sayı 6,3 milyondan artıq və ya ilkin hesablamalarda nəzərdə tutulan göstəricidən 20 faiz çox olmuşdur. Qüllədə yerdən 350 metr hündürlükdə iki müşahidə meydançası və 445 metr yüksəklikdə piyadalar üçün vintvari şüşə qalereya yerləşir. Birinci müşahidə meydançasında döşəmənin bir hissəsi xüsusi möhkəmliyə malik şüşədən hazırlanmışdır. Kim istəsə, burada ayaqlarının altında şəhəri görə bilər.
Teleqülləni idarə edən şirkətin ilkin hesablamalarına görə, il ərzində bu qülləyə və ticarət-əyləncə kompleksinə gələnlərin sayı 32 milyona qədər olmalı idi.
Lakin açılışından sonrakı bir ilin təcrübəsi göstərir ki, o teleqüllə, daim populyardır. Çiskin havalı adi iş günlərində buraya gəlmək üçün bilet kassasına 1-2 saat, hava xoş olan günlərdə isə 5 saata qədər növbə gözləyirlər. Əvvəlcədən satış üçün nəzərdə tutulan biletlər artıq iyunun sonuna qədər sifariş edilmişdir.
“SkyTree” qüllə təkcə televiziya və radio yayımı üçün nəzərdə tutulmayıb, həm də nəhəng əyləncə-ticarət kompleksidir. Qüllədəki okeanariumda dəniz faunasının 10 min nümayəndəsi toplanmışdır. Burada kosmik mənzərələr və Tokionun retrospektivi nümayiş etdirilir. 52 min kvadratmetr ərazidə 300-dən çox mağaza və restoran fəaliyyət göstərir.
İnşasına 2008-ci ilin iyul ayında başlanmış teleqüllənin tikintisində 580 min adam iştirak etmişdir. Obyektin yaradılmasına təqribən 634 milyon dollar xərclənmişdir. Mövcud olduğu ilk il ərzində teleqüllə idarəçi şirkətə təxminən 150 milyon dollar mənfəət gətirmişdir.

AzərTac