İstanbuldan Lənkərana yeni aviareys açılacaq
23.5.2013

"Türkiyə Hava Yolları" (THY) aviaşirkətinin İstanbuldan Lənkəran şəhərinə yeni reysinin açılması 2014-cü ilin yay mövsümündə gözlənilir. Bu barədə THY-nin prezidenti və baş direktoru Temel Kotil deyib.

Kotilin sözlərinə görə, şirkət yeni reyslərlə bağlı bəzi texniki məsələlər üzrə Lənkəran aeroportu ilə danışıqlar aparır.

O bildirib ki, İstanbul-Lənkəran-İstanbul reysləri ilkin mərhələdə həftədə 4 dəfə, sonra isə hər gün həyata keçiriləcək.

Bundan başqa, şirkət mövcud reyslərin sıxlığının artırılması üzrə Azərbaycan tərəfi ilə danışıqlar aparır.

THY-nin İstanbul-Bakı-İstanbul marşrutu üzrə reysləri hazırda yalnız İstanbuldakı "Atatürk" hava limanından həyata keçirilir. İstanbulun "Sabiha Gökçen" hava limanından reysləri isə "Azərbaycan Hava Yolları"nın təyyarələri həyata keçirir.

Hazırda THY-nin təyyarələri Azərbaycanın Bakı, Naxçıvan və Gəncə şəhərinə reyslər yerinə yetirir.

Trend