Dənizkənarı Milli Parkda Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi üçün inşa olunan yeni binanın cari ilin sentyabrında istifadəyə verilməsi nəzərdə tutulur.
Heydər Əliyev Fondunun, Mədəniyyət və Turizm Nazirliyinin və UNESCO-nun birgə layihəsi əsasında inşa olunan yeni bina memarlıq üslubuna və qeyri-adi formasına görə tamamilə fərqlənir. Binanın yerin altında olan hissəsində müasir avadanlıqla təchiz olunmuş arxiv, anbar, laboratoriya, bərpa və konservasiya şöbələri fəaliyyət göstərəcəkdir.
Binanın birinci mərtəbəsində inzibati və elmi zona, ikinci mərtəbədə kitabxana, xalça toxuma və tikmə elmi mərkəzi, üçüncü mərtəbədə danışıqlar və audio-vizual təqdimat otaqları yaradılacaqdır. Dördüncü mərtəbə isə sərgi salonları və görüş otaqları üçün nəzərdə tutulmuşdur. Burada, həmçinin açıq havada heykəl və xalçaların nümayişi üçün sahə də salınmışdır.
Muzey Azərbaycana xarici turistlərin cəlb edilməsində də əhəmiyyətli rol oynayacaqdır. Burada turistlər qanuna müvafiq qaydada üzü köçürülmüş qədim Azərbaycan xalçalarını almaq imkanına malik olacaqlar.
Avropa və Şərq memarlıq nümunələrinin sintezindən yaranmış yeni muzey ölkəmizin zəngin mədəni irsinin dünyaya çatdırılmasında əvəzsiz rol oynayacaqdır.
azertac