Bu gündən etibarən Afina-Bakı-Afina marşrutu üzrə birbaşa uçuşlara başlanılır.
Bu barədə sözügedən aviareysin sifarişçisi olan Yunanıstanın «Nomos Travel» şirkətindən bildirilib.
Şirkətdən verilən məlumata əsasən, aviareys mövsümi xarakter daşıyır və bu ilin oktyabrın 25-dək davam edəcək: «Afina-Bakı-Afina aviareysi üzrə uçuşları Yunanıstanın «Aegean Airlines» aviaşirkəti yerinə yetirir. Yunanıstan paytaxtından Bakıya uçuşlar yerli vaxtla saat 23:45-də, Bakıdan Afinaya isə saat 06:00-da yerinə yetiriləcək. Uçuşlar hər həftənin III və V günləri 168 nəfərlik «Airbus A-320» avialayneri ilə yerinə yetirilir».
Qeyd edək ki, «Nomos Travel» şirkəti tərəfindən aparılan təhlil bu marşruta kifayət qədər marağın olduğunu göstərib.
APA