Karyera qurmaq istəyən gənc xanımlar üçün yeni layihəyə start verilir
30.5.2013

“Qadın Liderliyi Uğrunda” İctimai Birliyi “Qadınlar karyeraya doğru: özünü ifadə etmək mədəniyyətinin formalaşdırılması” layihəsini keçirir.
Layihə çərçivəsində Qərbin ən müasir texnologiyalarını tətbiq etməklə ölkənin gənc xanımları üçün interaktiv təlimlərə start verilir.

Peşəkar təlimçilərin və yardımçı vasitələrin köməyi ilə, gənc xanımlara “Karyera quruculuğu: liderlik, natiqlik, nüfuzetmə, kollektivlərin idarə olunması və PR-ın təşkili” mövzularında interaktiv təlimlər keçiləcək. Onlara karyera qurmaq üçün başlanğıc planların qurulması, auditoriyalar və videokameralar qarşısında mesajların verilməsi, nüfuzetmə nitqlərinin hazırlanması da öyrədiləcək. Cəmi 6 təlimdən sonra iştirakçılar müstəqil surətdə özlərinin “Uğur layihəsi”ni tərtib etməyi bacaracaqlar.

Bu yolda onlara ölkədəki tanınmış, müxtəlif sahələr üzrə karyera qurmağa nail olmuş xanımlar da istiqamət verəcəklər. Eyni zamanda iştirakçıların Avropa ölkələrində karyera qurmuş xanımlarla skayp vasitəsilə bu istiqamətdə fikir mübadiləsi aparmaq imkanları da yaradılacaq. Sonda layihə iştirakçıları ictimaiyyətə təqdim olunacaq və onlara kursu bitirməklə bağlı sertifikatlar təqdim ediləcək.

Layihənin keçirilməsində məqsəd gənc xanımlara karyera qurmağın sirlərini öyrətmək, bununla da onların inkişafına nail olmaq, onları ölkənin ictimai-siyasi həyatında peşəkar səviyyədə iştiraka istiqamətləndirməkdir.

“Qadın Liderliyi Uğrunda” İB sözügedən təlimlərdə iştirak etmək istəyən gənc xanımları məmnuniyyətlə dəvət edir.

Təlimlər Bakı şəhəri üzrə bu ilin iyun ayında, Zaqatala və Qax rayonlarında isə iyul və avqust aylarında keçiriləcək.

Layihə Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilir.

gun.az