Mayın 31-də “Nar gallery” qalereyasında “Baku Creative Center” yaradıcılıq mərkəzinin təşkilatçılığı ilə reallaşan Bakı qalereyalar festivalı layihəsinin bağlanış sərgisi keçiriləcəkdir.
“Baku Creative Center” yaradıcılıq mərkəzindən bildirilmişdir ki, sərgidə Səttar Bəhlulzadə, Tağı Tağıyev, Mahmud Tağıyev, Xalidə Səfərova, Cavad Mircavadov, Əşrəf Murad, Kamal Əhməd, Rasim Babayev və Gennadi Brijatükun əsərləri təqdim olunacaqdır.
Azərbaycanda ilk dəfə keçirən Bakı qalereyalar festivalı martın 4-dən başlamışdır. Bu günədək festival çərçivəsində “Baku Creative Center” yaradıcılıq mərkəzində, Xətai Miniatür Mərkəzində, Muzey Mərkəzində, Bakı Rəsm Qalereyasında, “Yeni gallery” incəsənət mərkəzində, Kiçik Qalart, “Art Villa”, “Art Group”, “Müasir İncəsənət Mərkəzi”, “LN art” qalereyalarında sərgilər təşkil edilmişdir.
Bakı qalereyalar festivalının keçirilməsinin əsas məqsədi Bakıda qalereya həyatını canlandırmaq, yaradıcı şəxsləri bir araya gətirməklə ümumi iş ətrafında birləşdirmək, festival vasitəsilə sadə insanlarda incəsənətə maraq yaratmaq və bütün bunların nəticəsində sənətsevərlər üçün əsl incəsənət bayramı təşkil etməkdir.
AzərTac