Bu gün Azərbaycanda “Son zəng”dir
31.5.2013

Bu gün ölkə üzrə ümumtəhsil məktəblərində buraxılış günü – “Son zəng”dir.

“Son zəng” tədbirləri saat 10:00-dan başlayacaq və üç saat müddətində yalnız təhsil müəssisəsinin ərazisində keçiriləcək.

Nazirlikdən verilən məlumata görə, 2012-2013-cü tədris ilində ümumtəhsil məktəblərini 216.734 nəfər şagird bitirir.

IX sinif şagirdlərinin sayı 125.250 nəfər, XI sinif şagirdlərinin sayı isə 91.484 nəfər təşkil edir.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan ümumtəhsil müəssisələrinin IX və XI siniflərini bitirən şagirdlərin sayı 49321 nəfərdir.

Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisələri üzrə 2012/2013-cü tədris ilində tələbələrin gözlənilən buraxılışı 26.137 nəfərdir.

Məlumatda bildirilir ki, nazirliyin tabeliyində olan orta ixtisas təhsili müəssisələri üzrə gözlənilən tələbə buraxılışı isə 10.399 nəfər təşkil edir.

Bakı Şəhər Baş Polis İdarəsi hər il olduğu kimi, bu il də “Son zəng” tədbirləri ilə əlaqədar gücləndirilmiş iş rejimində çalışacaq.

Paytaxtda fəaliyyət göstərən bütün məktəblər polisin nəzarətinə götürüləcək, orta məktəblərin yerləşdiyi ərazilərdə polis naryadlarının sayı artırılacaq və “Son zəng”lə bağlı tədbirlərin məktəblərin ərazisindən kənarda keçirilməsinə imkan verilməyəcək.

Qeyd edək ki, orta məktəblərdə “Son zəng” tədbirlərinin yalnız təhsil müəssisəsinin ərazisində keçirilməsi ilə bağlı məktəb rəhbərlərinə müvafiq tapşırıqlar da verilib.

Bildirilib ki, “Son zəng”lə bağlı məktəb ərazisindən kənarda keçirilən tədbirdə hər hansı hadisə baş verərsə, məsuliyyət təhsil ocağının deyil, valideynlərin üzərinə düşəcək.


Gün.Az