Bu gün Ümumdünya Tütünlə Mübarizə Günüdür
31.5.2013

31 May - Ümumdünya Tütünlə Mübarizə Günüdür.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Assambleyası 1988-ci ildə 31 may tarixini Ümumdünya Tütünlə Mübarizə Günü elan edib.

O vaxtdan dünyanın müxtəlif ölkələrində insanları tütün məhsullarından istifadədən çəkindirmək məqsədi ilə bu tarixi gün hər il qeyd olunur.

Müxtəlif ölkələrlə yanaşı, Azərbaycanda da bununla bağlı tədbirlər keçirilir.

Azərbaycan 2005-ci ildə Tütünlə mübarizə haqqında ÜST-ün Çərçivə Konvensiyasına ratifikasiya edib.

Tütünlə mübarizə haqqında ÜST-ün Çərçivə Konvensiyası dünyada tütünə qarşı mübarizədə ən mühüm hüquqi sənəddir. ÜST-ün himayəsi altında razılaşdırılmış birinci saziş olmaqla, bu sənəd həm də ictimai səhiyyənin inkişafı sahəsində əldə edilmiş əhəmiyyətli nailiyyətdir.

2005-ci ildən etibarən qüvvəyə minməklə, artıq Birləşmiş Millətlər Təşkilatının tarixində ən sürətlə və geniş yayılan və 170-dən artıq üzv dövlətin qoşulduğu sazişlərdən biridir.
Qlobal tütün epidemiyası nəticəsində baş verən illik ölüm sayı 2030-cu ilə qədər 8 milyon nəfərə çata bilər. 20-ci əsr ərzində 100 milyon nəfərin həyatına son qoyan tütünçəkmə 21-ci əsrdə 1 milyard insanın ölümünə səbəb ola bilər.

Tütündən istifadə insanlarda xərçəng, ürək-damar və nəfəs yolları xəstəlikləri yaradaraq onları öldürür. Bu qeyri-yoluxucu xəstəliklər üçün qarşısı alına bilən ən birinci risk faktorudur.

Hər il təxminən 5 milyon insan tütündən istifadəyə görə dünyasını dəyişir. Digər 600000 insan isə tütün tüstüsündən, yəni passiv siqaret çəkmədən ölür.

gun.az