Azərbaycanda magistraturaya qəbul imtahanının ikinci mərhələsində iştirak etmək üçün proqram seçimi başlayır
3.6.2013

Bu gündən Azərbaycanda 2013-2014-cü tədris ilində magistraturaya qəbul imtahanının ikinci mərhələsində iştirak etmək üçün proqram seçimi başlayır.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) mətbuat xidmətindən verilən xəbərə görə, ali təhsil müəssisələrinin magistraturalarına martın 3-də keçirilmiş qəbul imtahanının birinci mərhələsinin nəticələrinə görə müsabiqə şərtlərini ödəyən bakalavrlar imtahanın ikinci mərhələsinə buraxılır və proqram seçimində iştirak edirlər. Bunun üçün bakalavrlar iyunun 3-dən 11-dək olan müddətdə öz elektron ərizələrinə daxil olaraq bitirdikləri bakalavr ixtisasına uyğun qəbul proqramını seçib təsdiq etməlidirlər.

Proqramı seçib təsdiq etmiş bakalavrlar iyunun 19-dan 22-dək öz elektron ərizələrinə daxil olaraq ikinci mərhələ üçün "Bakalavrın imtahana buraxılış vərəqəsi"ni çap edib götürməlidirlər.

Magistraturaya qəbul imtahanının ikinci mərhələsi iyunun 23-də Bakı, Naxçıvan və Gəncə şəhərlərində keçiriləcək.

İmtahanın ikinci mərhələsində bakalavrların ixtisas üzrə bilikləri test üsulu ilə onlara 50 test tapşırığı təqdim olunmaqla (bəzi proqramlar üzrə isə yazılı imtahanla) yoxlanılacaq. İkinci mərhələdə imtahan suallarının cavablandırılmasına 1 saat 30 dəqiqə vaxt ayrılacaq. İxtisas üzrə test tapşırıqlarına cavabın maksimal qiyməti 50 baldır. Yazı işlərinin nəticəsi də 50 ballıq şkalada qiymətləndiriləcək.

Qeyd edək ki, Təhsil üzrə Komissiya tərəfindən ali təhsil müəssisələrinin magistratura səviyyəsinə 2013/2014-cü tədris ili üçün təsdiq edilmiş qəbul planında yerlərin sayı 6794, dövlət sifarişi üzrə yerlərin sayı 2319, Azərbaycan bölməsi üzrə yerlərin sayı 4504, rus bölməsi üzrə yerlərin sayı 674, birgə müsabiqə yerlərinin sayı isə 1616-dır.

Magistraturaya qəbul planı əvvəlki tədris ili ilə müqayisədə 12,84 faiz artıb.

APA