Iyunun 1-də Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin təşkilatçılığı ilə İçərişəhərdəki Qoşa qala qapısı meydanında Avropa şəhərciyi nümayiş olunmuşdur.
“Gəz, öyrən, rəqs elə, dadına bax və dadını çıxar” devizi ilə keçirilən tədbirdə Avropa İttifaqına daxil olan 27 ölkədən 21-nin guşəsi qurulmuşdur.
Stendlərdə həmin ölkələr haqqında məlumatların, təhsil imkanlarının əks olunduğu kitablar, bukletlər və broşürlər, həmçinin Avropa mətbəxinin nümunələri və suvenirlər təqdim edilmişdir.
İyunun 2-də tədbir çərçivəsində Avropa şəhərciyində müxtəlif müsabiqələr, təqdimatlar təşkil olunmuşdur. Səhnədə qurulmuş böyük ekranda Avropa İttifaqına üzv ölkələrin bayraqlarını tanıyan ziyarətçilər səhnəyə dəvət olunmuş və mükafatlandırılmışlar.
Eyni zamanda, iştirakçılar Avropa xalqlarının rəqsləri və xarici dil kurslarında iştirak etmiş, karaoke stendinə yaxınlaşaraq Avropa xalqlarının mahnıları ifa etmişlər.
Avropa şəhərciyində Almaniyanın stendi daha çox diqqəti cəlb etmişdir. Burada ziyarətçilərə ölkə haqqında məlumatların əks olunduğu kitabçalar və bukletlər təqdim olunmuşdur. Həmçinin, Almaniya ilə Azərbaycan arasında diplomatik əlaqələrin yaradılmasının 20 illiyinə həsr edilmiş film nümayiş olunmuşdur. Filmdə Almaniyanın ölkəmizdəki səfiri Helbert Kvellenin çıxışı, Prezident İlham Əliyevin bu ölkəyə səfərindən, hər iki ölkənin dövlət başçılarının görüşlərindən, hökumət nümayəndələrinin qarşılıqlı səfərlərindən ibarət fotolar, Azərbaycanın və Almaniyanın tarixi mədəniyyət abidələrini, dövlət atributlarını əks etdirən görüntülər nümayiş olunmuşdur.
Tədbir çərçivəsində Avropanın və Azərbaycanın istedadlı sənətçilərinin ifa etdikləri klassik, opera və müasir musiqi parçalarını sakinlər və paytaxtımızın qonaqları böyük maraqla izləmişlər.
AzərTac