2013-cü il üçün “Global Destinastion Cities Index” tədqiqatına görə, Banqkok dünyada turistlərin ən çox getdikləri şəhər olacaqdır.
Proqnoz nəzərdə tutulmuş reyslərin sayına və turistlər tərəfindən bronlaşdırılmış biletlərin hesablanmasına söykənir. Tailandın paytaxtı dünya üzrə 132 istiqamət arasında lider olmuşdur.
Bu barədə məlumatı “The Telegraph” yaymışdır.
Banqkokun bu il 15,98 milyon turist qəbul edəcəyi, bununla da yaxın rəqibi Londonu bir qədər qabaqlayacağı gözlənilir.
Proqnozlara görə, Britaniyanın paytaxtı 15,96 milyon turist qəbul edəcəkdir. Ötən il həmin göstərici üzrə məhz London dünya lideri olmuşdur: bura 15,5 milyon əcnəbi turist gəlmişdir.
“Global Destinastion Cities Index” tədqiqatı “MasterCard” şirkəti tərəfindən 2010-cu ildən aparılır.
Asiya şəhəri bu reytinqə ilk dəfə başçılıq etmişdir. Bu siyahıda beş lider şəhər sırasında Banqkok və Londonla bərabər, Paris, Sinqapur və Nyu-York qərarlaşmışdır.
Reytinqin yuxarı sıralarında London və Parisə Avropa şəhərlərindən İstanbul, Barselona və Milan “yoldaşlıq” edir.
AzərTac