Bədii gimnastika üzrə XXIX Avropa çempionatı Avropa Gimnastika İttifaqı bayrağının Azərbaycan nümayəndələrinə ötürülməsi ilə başa çatmışdır
3.6.2013

Iyunun 2-də Vyanada bədii gimnastika üzrə XXIX Avropa çempionatının final çıxışları olmuşdur.

Böyüklər arasında final mərhələsində Azərbaycan gimnastı Marina Durunda halqa, top və lentlə, Lalə Yusifova isə gürzlə tapşırıqları yerinə yetirmişlər.

Marina Durunda halqa, top və lentlə hər növ üzrə müvafiq olaraq 5-ci, Lalə Yusifova gürzlə 7-ci yeri tutmuşlar.

Qeyd etmək lazımdır ki, Avropa çempionatı Azərbaycan gimnastları üçün uğurlu olmuşdur. Belə ki, yeniyetmələrdən ibarət komandamız 5 halqa ilə yarışda çempionatın gümüş medalını əldə etmişdir.

Çempionatın bağlanış hissəsində isə qala konsert olmuşdur. Qala konsertdə çempionatda iştirak edən ölkələrin idmançıları bədii gimnastika və balet komponentlərini özündə ehtiva edən musiqi kompozisiyaları ilə çıxış etmişlər. Yeniyetmələrdən ibarət Azərbaycan yığma komandasının üzvləri isə səhnəyə milli geyimdə çıxaraq, müxtəlif Azərbaycan melodiyaları əsasında tərtib olunmuş “Sarı gəlin” kompozisiyasının sədaları altında rəqs etmişlər.

Mərasim Avropa Gimnastika İttifaqı bayrağının gələn il XXX Avropa çempionatına ev sahibliyi edəcək Azərbaycan nümayəndə heyətinə ötürülməsi ilə başa çatmışdır.

AzərTac