Bakı Metropolitenindən daha bir möhtəşəm layihə
4.6.2013

Gələn il Bakı Metropoliteninin 2 stansiyası – “Memar Əcəmi 2” və “Avtovağzal” stansiyaları istifadəyə veriləcək. Publika.Az-ın məlumatına görə, hər iki stansiyanın giriş-çıxışları olacaq ərazilərdə, eləcə də tunellərdə hazırda gərgin iş gedir. Eyni zamanda “Avtovağzal” stansiyası möhtəşəm görüntüsü ilə seçiləcək. Belə ki, stansiyanın əsas giriş-çıxışının üzərində möhtəşəm şüşə konstruksiyalı tikili ucaldılır. Tikili yarı kəsilmiş dairələr formasındadır və yüngül konstruksiyalardan ibarətdir.

Ərazidə iş aparan şəxslər bildiriblər ki, stansiyanın əsas giriş-çıxışından başqa, Bakı Beynəlxalq Avtovağzalının da həyətində giriş-çıxışı olacaq. Bu da sərnişinlərin avtovağzala rahat gediş-gəlişini təmin etməkdə faydalı olacaq. Hazırda ərazidə iş sürətlə davam etdirilir.

Qeyd edək ki, son illərdə Bakı Metropoliteninin “İçərişəhər” və “Koroğlu” (keçmiş Əzizbəyov) stansiyalarının üzərində də möhtəşəm tikililər ucaldılıb. Müasir dizaynlı bu tikililər işıqlandırma nəticəsində şəhərə daha da yaraşıq verir.

publika.az