Türkiyənin opera müğənnisi Bakıda xeyriyyə konserti verdi - Video
4.6.2013

Türkiyənin tanınmış opera müğənnisi Oya Ergün “Ruhum” adlı albomunun təqdimatını Bakıda edib.
Artıq bir neçə ildir Azərbaycanda yaşayan sənətçi sözləri Tələt Eyyubov, musiqisi Səid Rüstəmova aid olan “Hardasan” adlı mahnımıza çəkdirdiyi klipi də həmin gün təqdim edib.

Millət vəkili Qənirə Paşayevanın rəhbərlik etdiyi “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyi tərəfindən həyata keçirilən tədbir zamanı həmçinin Oya Ergünün “Qarabağdan Anadoluya könül körpüsü” adlı konserti də keçirilib. Konsert şəhid ailələri, qaçqın və məcburi köçkün ailələri üçün təşkil olunub.

Konsert zamanı Oya Ergün repertuarında yer alan köhnə və yeni mahnılarını ifa edib.

Konsertdən sonra jurnalistlərin suallarını cavablandıran opera ifaçısı yeni işıq üzü görən “Ruhum” adlı albomunun ilk dəfə pop mahnılarından ibarət toplu olduğunu deyib. Opera ifaçısı olmasına rəğmən daha çox populyarlıq qazanan digər musiqi janrlarına müraciət edəcəyini də istisna etmədiyini vurğulayıb.

Müğənni onu da əlavə edib ki, yanvar ayına qədər daha bir yeni albomunu təqdim edəcək. Eyni zamanda o, bu ilin sonunadək Bakıda daha 5 konsert proqramı ilə çıxış edəcək.

Millət vəkili Qənirə Paşayeva jurnalistlərə açıqlamasında Oya Ergünün yeni albomunda həm Azərbaycan, həm də Türk mahnılarının yer aldığını söyləyib. Əlavə edib ki, bu, ortaq musiqi mədəniyyətinin göstəricisidir. Millət vəkili onu da vurğulayıb ki, opera ifaçısının konsertindən əldə olunan maddi gəlir şəhid ailələrinə veriləcək.

Qeyd edək ki, tədbirdə millət vəkilləri, ictimai-siyasi xadimlər, ziyalılar, qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər.
Video

gun.az