İyulun 1-də “İpək yolu” II Beynəlxalq musiqi festivalı çərçivəsində Azərbaycan Bəstəkarlar İttifaqının Üzeyir Hacıbəyli adına konsert salonunda “Novruz” muğam triosunun konserti olmuşdur.
Konsertdə “Xalq ulduzu” müsabiqəsinin laureatı, xanəndə İlahə İbadovanı tarda Əli Məmmədov, kamançada Elnur Mikayılov müşayiət etmişlər. Türkiyə, İngiltərə, İsveç, Rusiya və s. ölkələrdə ölkəmizi layiqincə təmsil edən İ.İbadovanın ifasında Azərbaycan xalq mahnıları və muğam parçalarını xarici qonaqlar alqışlarla qarşılamışlar.
Uğurla keçən konsertdən sonra Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq Artisti Firəngiz Əlizadə çıxış edərək 4 gün davam edən festivalın Üzeyir Hacıbəylinin “Əsli və Kərəm” muğam operası ilə başladığını və muğamla da yekunlaşdığını bildirmişdir.
AMEA-nın müxbir üzvü, Milli Məclisin deputatı Yaqub Mahmudov bu möhtəşəm tədbirin təşkilatçılarına minnətdarlıq etmiş və festivalın dünya xalqlarını bir-birinə yaxınlaşdırmaq baxımından əhəmiyyətini vurğulamışdır.