Azərbaycanın görkəmli şairi Mikayıl Müşfiqin doğum günüdür
5.6.2013

Bu gün Azərbaycanın görkəmli şairi Mikayıl Müşfiqin doğum günüdür.

Mikayıl Müşfiq 1908-ci il iyunun 5-də Bakıda ziyalı ailəsində anadan olub.

O, əslən Xızı rayonundan olub. İbtidai təhsilini inqilabdan əvvəl rus-tatar məktəbində alıb. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra Bakı darül-müəllimində və 12 saylı II dərəcəli məktəbdə oxuyub. Azərbaycan Dövlət Darülfünunun dil və ədəbiyyat fakültəsini (1927-1931) bitirib.

Əmək fəaliyyətinə pedaqoq kimi başlayıb. Bakı orta məktəblərində yeddi il müəllimlik edib. Son iş yeri 18 saylı Bakı şəhər orta məktəbi (bu məktəb indi onun adını daşıyır) olub.

Poetik yaradıcılığa 1926-cı ildə “Gənc işçi” qəzetində çap etdirdiyi “Bir gün” şeiri ilə başlayıb.

O, bədii tərcümə ilə də ciddi məşğul olub. 1931-ci ildə Dilbər Axundzadə ilə ailə həyatı qurub. 1968-ci ildə Bakıda Dilbər Axundzadənin “Müşfiqli günlərim” adlı xatirələr kitabı nəşr olunub. Kitabın son genişləndirilmiş nəşri 2005-ci ildə “Gənclik” nəşriyyatında işıq üzü görüb.

1938-ci il yanvarın 6-da repressiya qurbanı olaraq güllələnib. Xatirəsini əbədiləşdirmək üçün Bakıda büstü qoyulub. Qəsəbəyə, məktəbə, küçəyə və meydana adı verilib.

Mikayıl Müşfiqin “Yenə o bağ olaydı”, “Oxu, tar” və bir sıra başqa şeirləri Azərbaycan poeziya xəzinəsinin inciləri sırasındadır.

Gün.az