Mingəçevirdə “Qaranquş-yeni nəsil” asudə vaxt tədris mərkəzi uşaqların istifadəsinə verilmişdir
5.6.2013

Mingəçevir şəhərində “Qaranquş-yeni nəsil” asudə vaxt tədris mərkəzinin açılış mərasimi olmuşdur.

Mərasimdə şəhər icra hakimiyyətinin, qeyri-hökumət təşkilatlarının nümayəndələri, yerli sakinlər və uşaqlar iştirak etmişlər.

Tədbir iştirakçıları uşaqları və valideynləri təbrik etmiş, mərkəzin kollektivinə uğurlar arzulamışlar.
Məlumat verilmişdir ki, tədris mərkəzinin yaradılmasının əsas məqsədi yaş xüsusiyyətlərinə uyğun olaraq uşaqların asudə vaxtlarının səmərəli təşkilinə nail olmaq, onların interaktiv təlim metodları əsasında əlavə bilik və bacarıqlara yiyələnməsini təmin etmək, həmçinin yay tətilini mənalı keçirmələrinə imkan yaratmaqdır.

Mərkəzdə 5 yaşdan 14 yaşadək uşaqlara rus, ingilis və alman dilləri də öyrədiləcəkdir. Bölgədə ilk dəfə olaraq Mingəçevirdə yaradılan mərkəzin xidmətlərindən yararlanan uşaqlara təlim-tərbiyə ilə yanaşı, musiqi, rəsm, idman və psixoloji dərslər də keçiləcəkdir. Həmçinin mingəçevirli uşaqlara müasir təlim proqramları əsasında maraqlı və səmərəli dərslər təqdim ediləcək, onların şəxsiyyət kimi formalaşmasına kömək məqsədi ilə valideynlərlə estetik və əxlaq mövzularında diskussiyalar da təşkil olunacaqdır.

Asudə vaxtın dəyərləndirilməsində müstəsna rol oynayacaq mərkəzin fəaliyyətə başlamasına ən çox sevinən isə təbii ki, uşaqlardır. Mərkəzin açılışını bildirən rəmzi qırmızı lent kəsilmiş, iştirakçılar burada uşaqlar üçün yaradılmış şəraitlə tanış olmuşlar.

AzərTAc