İyunun 5-də Bakıda Azərbaycan Milli Elmlər Akademiyası (AMEA), AMEA-nın Botanika İnstitutu və Fotosintez Tədqiqatları üzrə Beynəlxalq Cəmiyyətin (İSPR) birgə təşkilatçılığı ilə akademik Cəlal Əliyevin 85 illik yubileyinə həsr olunmuş “Cəlal Əliyev.
Davamlı inkişaf üçün fotosintez tədqiqatları–2013” mövzusunda Beynəlxalq konfrans işə başlamışdır.
Tədbirdə çıxış edənlər Azərbaycan biologiya elminin inkişafında akademik Cəlal Əliyevin müstəsna xidmətlərindən danışmış, elmin bu sahəsində yeni istiqamətlərin yaranmasının məhz onun adı ilə bağlı olduğunu vurğulamışlar.
Bildirilmişdir ki, azərbaycanlı alimə həsr olunan bu cür irimiqyaslı beynəlxalq elmi tədbirin Bakıda ilk dəfə keçirilməsi akademik Cəlal Əliyevin şəxsiyyətinə olan böyük hörmət, fotosintezin tədqiqi sahəsində onun və yaratdığı məktəbin əldə etdiyi misilsiz nailiyyətlər, qazanılan uğurların dünya elmi ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilməsi ilə bağlıdır.
Qeyd edilmişdir ki, bu konfrans Azərbaycan elminin təbliğində və onun dünya elminə inteqrasiyasında mühüm rol oynayacaq, eyni zamanda, respublikamızda elmin digər sahələrinin dinamik inkişafına güclü təkan verəcəkdir.
Konfransda fotosintez prosesinin bütün istiqamətləri, o cümlədən hidrogenin alınması və süni fotosintez problemləri ətrafında geniş müzakirələr aparılacaqdır.
Konfransın materialları beynəlxalq “Biochemica et Biophysica Acta (Bioenergetics)” və “Plant Physiology and Biochemistry (PPB)” jurnallarının xüsusi buraxılışlarında dərc olunacaqdır.
Beynəlxalq konfrans iyunun 9-dək davam edəcəkdir.
AzərTAc