“Tıq-tıq xanım”, “Meşəyə insan gəlir”, “Cücələrim”, “Dınqıl, sazım,
dınqıl”, “Yalançı çoban”, “Cırtdan” və bir sıra maraqlı milli animasiya
filmlərinin yaradıcısı Elçin Hami Axundov Mədəniyyət və Turizm
Nazirliyinin sifarişi ilə yeni film çəkir. Söhbət 3D-Max və Maya
proqramlarında ərsəyə gələcək “Kiçik ev” animasiya filmindən gedir.
“Azanfilm” kinostudiyasının direktoru, cizgi filmləri rejissoru
E.H.Axundov deyib ki, keçən il “Cəsur təyyarə” filmi istehsal ediblər.
“Biz də “Disney” kimi fonları 3D-ə, personajları isə cizgi variantında
hazırladıq. Keçən il bir yeniliyə də imza atdıq, flaş-animasiya çəkdik -
“Tırtılın arzusu” eksperiment idi. Yaxşı alındı. Bu ildən artıq
flaş-animasiyada çəkirik. Onu da deyim ki, artıq xaricdə 3D-Max
proqramından imtina edirlər, yenidən cizgi variantına keçirlər. “Disney”
də 3D-Maxda yalnız fonları düzəldir. Personajlar isə cizgili olur”.
E.H.Axundov filmin eskizlərinin tamamlama işlərinin başa çatdığını və istehsal prosesinə hazır olduqlarını dilə gətirib.
Gün.Az