“Azərbaycanın gələcəyi üçün növbəti böyük addımlar: Azərbaycanın neftdən sonrakı iqtisadiyyatı” mövzusunda Birinci Beynəlxalq Bakı Forumu başa çatmışdır.
Tədbir çərçivəsində sonuncu görüş Azərbaycan Diplomatik Akademiyasında keçirilmişdir.
Yekun tədbirdə mütəxəssislər forumun nəticələri ilə bağlı fikir mübadiləsi aparmışlar. Bütün qitələri təmsil edən mütəxəssislərin və alimlərin paytaxtımızda toplaşdıqları bu günlər ərzində müxtəlif mövzularda 48 təqdimat olmuşdur.
Tədbirdə qeyd olunmuşdur ki, Forumun Azərbaycanda keçirilməsi heç də təsadüfü deyildir. Çünki Azərbaycan yeni bir inkişaf mərhələsinə qədəm qoymuşdur. Ölkəmizin əldə etdiyi nailiyyətlər dünyaya məlumdur.
Çıxış edənlər Azərbaycan hökumətinin çoxillik perspektivlərə diqqət göstərməsini yüksək qiymətləndirmiş, dünyanın üzləşdiyi çətinlikləri birgə həll etməyin mümkünlüyünü diqqətə çatdırmışlar. ABŞ-ın “Minillik layihəsi”nin direktoru Jerom Qlenn növbəti 25 ildə dünyada bir çox dəyişikliklərin baş verəcəyini bildirmişdir.
Forum çərçivəsində həmçinin 3D Printer də nümayiş olunmuşdur. Bu da Azərbaycanda müasir dövr üçün printer texnologiyası baxımından yenilikdir.
© AzərTAc