Dünyada və ölkəmizdə ilk dəfə olaraq dahi Azərbaycan şairi Nizami
Gəncəvinin “Leyli və Məcnun” poeması əsasında müzikl layihəsi
gerçəkləşdirilir. Dekabrın ortalarında Heydər Əliyev Sarayında
premyerası nəzərdə tutulan layihənin təşkilatçıları Azərbaycan
Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə “İRƏLİ” İctimai
Birliyi, Baş Sponsoru Bakcell mobil operatoru, sponsoru isə “Avromed”
şirkətidir.
“Əfsanə geri dönür” şüarı altında gerçəkləşdirilən müziklin məqsədi
qədim Azərbaycan motivləri əsasında yazılmış “Leyli və Məcnun” poemasını
hip-hop və R&B janrı ilə müasir şəkildə yenidən gündəmə
gətirməkdir. Musiqili tamaşa Nizami Gəncəvinin eyniadlı poemasına uyğun
olaraq “Leyli və Məcnun” adlanır.
Minlərlə insanın böyük həyəcanla gözlədiyi tamaşanın rəqslərinə ABŞ-ın
Çikaqo ştatından olan istedadlı xoreoqraf Çarlz Lourens quruluş verir.
Çarlz Lourens tərəfindən müzikl üçün quruluş veriləcək rəqsləri
Azərbaycanın tanınmış ritm ifaçısı, əməkdar artist Natiq Şirinovun ritm
qrupu müşayiət edəcəkdir. Bununla yanaşı muasir janrda təqdim ediləcək
musiqilərdə Azərbaycanın milli musiqi alətləri olan tar, kamança,
balaban, tütək, zurna, nağara və uddan istifadə edilir.
2 aydan çoxdur ki, hazırlıqları davam edən tamaşada Leyli obrazını
Natavan Həbibi, Məcnun obrazını Elşad Xose, İbn Salamı Elnur Məmmədov,
Zeyd obrazını Azad Şabanov, Zeynəb obrazını isə Oksana Rəsulova
canlandırır. Dünya şöhrətli muğam ifaçımız Alim Qasımov tamaşada
Məcnunun atasını, tanınmış və sevilən meyxanaçı Ağamirzə isə Leylinin
atası obrazını canlandıracaqlar. Rejissorun əlavəsi olan “Şeytan”
obrazını tamaşanın musiqi və aranjemanlarının müəllifi MC Murad (Karma
və İnsaf layihələrin bəstəkarı), “Günəş adamı” obrazını isə Natiq
Şirinov canlandıracaqlar. Layihənin müəllifi və rəhbəri Mədəniyyət və
Turizm Nazirliyinin İncəsənət şöbəsinin aparıcı məsləhətçisi Mirsahib
Musayev, layihənin əlaqələndiricisi, “İRƏLİ” İctimai Birliyinin üzvü
Niyaz Əliyev, tamaşanın ssenari müəllifi və quruluşçu rejissoru İradə
Gözəlova, tamaşanın quruluşçu rəssamı Rəşad Ələkbərovdur.
Məşq prosesi
Leyli (Natavan Həbibi) & Məcnun (Elşad Xose) & Şeytan (MC Murad) - İki Qəlb