İyunun 6-da Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin aktyor sənəti fakültəsinin xoreoqrafiya sənəti və səhnə plastikası kafedrasının illik hesabat konserti olmuşdur.
Prezident İlham Əliyevin universitetin 90 illik yubileyi ilə bağlı müvafiq Sərəncamına əsasən, bir sıra tədbirlər keçirilmişdir. Hesabat konserti də həmin kütləvi tədbirlər sırasına daxildir.
Konsertin bədii rəhbəri və quruluşçu rejissoru xoreoqrafiya sənəti və səhnə plastikası kafedrasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Ofeliya Zeynalovadır.
Konsertdə Ofeliya Zeynalovanın və tələbələrin quruluş verdikləri rəqsləri tələbələr və “Qız qalası” uşaq rəqs ansamblı ifa etmişlər. Proqramda “Qazağı”, “”Yallı”, “Azərbaycan” süitası, “Vals”, “Qıtqılıda”, “Yağış”, “Qopaq”, “Şalaxo”, “Qaraçı”, “Ça-Ça-Ça”, “Hip-hop”, “Qaradəniz” rəqsləri, “Yuxu” və “Dəniz” xoreoqrafik kompozisiyaları təqdim edilmişdir.
Tamaşaçılar nümayiş etdirilən bir-birindən rəngarəng rəqsləri alqışlarla qarşılamışlar.
AzərTAc