İyunun 11-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Xalq Artisti Hökümə Qurbanovanın anadan olmasının 100 illiyi münasibətilə tədbir keçiriləcəkdir.
Teatrın mətbuat xidmətindən bildirilmişdir ki, tədbirdə sənətkarın ömür yolu və yaradıcılığı haqqında ətraflı məlumat veriləcək və yaratdığı obrazlardan parçalar nümayiş olunacaqdır.
Hökümə Qurbanova romantik aktyor məktəbinin poetika göstəricilərini lirik-psixoloji aktyor məktəbinin ifadə vasitələri ilə qovuşduran, onları harmonik ayrılmazlıqda, bir estetik prinsiplərdə təqdim edən ilk aktrisalarımızdandır. Onun yaratdığı bir-birindən maraqlı rollar bu gün də Azərbaycan teatrının şedevrləri kimi qəbul olunmaqdadır.
1988-ci il noyabrın 2-də Bakıda vəfat etmiş sənətkar Fəxri xiyabanda dəfn olunmuşdur.
AzərTac