Azərbaycanın mərhum prezidenti Heydər Əliyevin vəfatından 8 il keçir. Bu
gün Azərbaycanın bütün bölgələrində Heydər Əliyevin anım mərasimləri
təşkil olunub.
Qeyd edək ki, Heydər Əlirza oğlu Əliyev 1923-cü il
mayın 10-da Naxçıvanda anadan olub. 1944-cü ildən təhlükəsizlik
orqanları sistemində çalışan Heydər Əliyev 1964-cü ildən Azərbaycan SSR
Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin müavini,
1967-ci ildən isə sədri vəzifəsində işləyib, general-mayor rütbəsinə
qədər yüksəlib. Həmin illərdə o, Leninqradda xüsusi ali təhsil alıb,
1957-ci ildə isə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini
bitirib. Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu
il iyul plenumunda Heydər Əliyev Azərbaycan SSR Kommunist Partiyası
Mərkəzi Komitəsinin birinci katibi seçilib. 1982-ci ilin dekabrında
Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun
üzvü seçilən Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini
vəzifəsinə təyin edilib və SSRİ-nin rəhbərlərindən biri olub. Heydər
Əliyev 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası
Mərkəzi Komitəsi Siyasi Bürosunun və baş katib Mixail Qorbaçovun
yeritdiyi siyasi xəttə etiraz əlaməti olaraq, tutduğu vəzifələrdən
istefa verib.
Heydər Əliyev 1990-cı ilin 20 yanvarında sovet
qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar ertəsi gün
Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək,
Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və
icraçılarının cəzalandırılmasını tələb edib. O, Dağlıq Qarabağda
yaranmış kəskin münaqişəli vəziyyətlə bağlı SSRİ rəhbərliyinin ikiüzlü
siyasətinə etiraz əlaməti olaraq, 1991-ci ilin iyulunda Sovet İttifaqı
Kommunist Partiyasının sıralarını tərk edib. 1990-cı ilin iyulunda
Azərbaycana qayıdan Heydər Əliyev ilk əvvəl Bakıda, sonra isə Naxçıvanda
yaşayıb, həmin ildə də Azərbaycan Ali Sovetinə deputat seçilib. O,
1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri,
Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini olub.
Heydər
Əliyev 1992-ci ildə Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində
keçirilmiş təsis qurultayında partiyanın sədri seçilib. 1993-cü il
iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçilən Heydər Əliyev iyunun
24-də Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin
səlahiyyətlərini həyata keçirməyə başlayıb. 1993-cü il oktyabrın 3-də
ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının
Prezidenti seçilib. O, 1998-ci il oktyabrın 11-də keçirilən növbəti
prezident seçkilərində yenidən Azərbaycan Respublikasının Prezidenti
seçilib. 2003-cü il oktyabrın 15-də keçiriləcək prezident seçkilərində
namizədliyinin irəli sürülməsinə razılıq vermiş Heydər Əliyev səhhətində
yaranmış problemlərlə əlaqədar seçkilərdə iştirak etməkdən imtina edib.
Uzun müddət ABŞ-ın Klivlend klinikasında müalicə olunan Heydər Əliyev 2003-cü il dekabrın 12-də dünyasını dəyişib.