Azərbaycanın karyera qurmağa iddialı olan gənc xanımları “Qadın Liderliyi Uğrunda” İctimai Birliyin (QLUB) təşəbbüsü ilə bir araya gəlib.
Müxtəlif sahələrdə aparıcı liderlərə çevrilmək, gözəl nitqə, nüfuzetmə qabiliyyətinə, kollektivlərin idarə edilməsinə və PR-ın təşkili texnologiyalarına yiyələnmək istəyən xanımlar QLUB-un təşkil etdiyi “Karyera quruculuğu: liderlik, natiqlik, nüfuzetmə, kollektivlərin idarə olunması və PR-ın təşkili” mövzularında interaktiv təlimlərə başlayıblar. İlk təlim iştirakçıların mövzuya motivasiyasına və karyera quruculuğuna girişə həsr olunub.
Qeyd edək ki, sözügedən təlimlər AR Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə həyata keçirilən “Qadınlar karyeraya doğru: özünü ifadə etmək mədəniyyətinin formalaşdırılması” layihəsı çərçivəsində nəzərdə tutulub.
Layihənin icrası zamanı xanımlara Qərbin ən müasir texnologiyalarının, peşəkar təlimçilərin və yardımçı vasitələrin köməyilə karyera qurmaq üçün başlanğıc planların qurulması, auditoriyalar və videokameralar qarşısında mesajların verilməsi, nüfuzetmə nitqlərinin hazırlanması da öyrədiləcək.
Cəmi 6 təlimdən sonra iştirakçılar müstəqil surətdə özlərinin “Uğur layihəsi”ni tərtib etməyi bacaracaqlar.
Bu yolda onlara ölkədəki tanınmış, müxtəlif sahələr üzrə karyera qurmağa nail olmuş şəxslər də istiqamət verəcəklər. Eyni zamanda iştirakçıların Avropa ölkələrində karyera qurmuş xanımlarla skayp vasitəsilə bu istiqamətdə fikir mübadiləsi aparmaq imkanları da yaradılacaq.
Sonda layihə iştirakçıları ictimaiyyətə təqdim olunacaq və onlara kursu bitirməklə bağlı sertifikatlar təqdim ediləcək.
Bu layihənin həyata keçirilməsində məqsəd gənc xanımlara karyera qurmağın sirrlərini öyrətmək, bununla da onların inkişafına nail olmaq, onları ölkənin ictimai-siyasi həyatında peşəkar səviyyədə iştiraka istiqamətləndirməkdir.
gun.az