Iyunun 11-də “Hilton Baku” otelinin yay terrasının açılış mərasimi olmuşdur.“Hilton Bakı” otelinin 24-cü mərtəbəsində yerləşən və flaqman restoran olan terras özünəməxsus atmosferi, ləziz mətbəxi, Xəzər dənizinə açılan füsunkar mənzərələri ilə seçilən əvəzolunmaz məkandır.
Müasir dizayna malik bu kompleksdə beynəlxalq və milli memarlıq ənənələri peşəkarlıqla uzlaşdırılmışdır. Eyni zamanda avanqard və klassik arxitektura üslublarının sintezi əsasında yaradılmış terrasın interyerinin tərtibatında xaricdə hazırlanan mebel və aksessuarlardan istifadə olunmuşdur. Terrasda taxta döşəmə üzərindəki parusin çətirlərin altında açıq havada steyk, salat və digər ləziz yeməklərdən dadmaq olar.
“Hilton Baku” oteli fərdi üslubu, yüksək keyfiyyəti və çoxsaylı xidmət növü ilə fərqlənir. Bakıda beynəlxalq səviyyəli bu cür otellərin tikilməsi ölkəmizdə turizmin inkişafı ilə bağlı istər yerli, istərsə də xarici şirkətlər üçün yaradılan əlverişli investisiya mühitinin bariz nümunəsidir. Bu, həm də dünyanın inkişaf etmiş ölkələri sırasında yerini möhkəmləndirən Azərbaycanda otel biznesinin genişlənməsindən və keyfiyyətcə yeni mərhələyə qədəm qoymasından xəbər verir.
AzərTac