İyunun 13-də Masallı şəhərində ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş İkinci Beynəlxalq folklor festivalı başlamışdır.
Mədəniyyət və Turizm Nazirliyi və Masallı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən festivalda Azərbaycanla yanaşı, Rusiya, Türkiyə, İran, Gürcüstan, Qazaxıstan və Latviyadan gəlmiş folklor kollektivləri iştirak edirlər.
Beynəlxalq festivalın birinci günündə Masallı şəhərindəki Qəhrəmanlar Parkının qarşısındakı meydanda açılış mərasimi olmuşdur.
Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad etmişlər.
Meydanda folklor kollektivlərinin paradı və nümunəvi çıxışları olmuşdur.
Tədbir Masallı şəhərindəki Nizami Gəncəvi adına mədəniyyət və istirahət parkında davam etmişdir.
Açıq meydanda təşkil edilmiş sərgidə qonaqlar yerli rəssamların əsərləri, rayon tarix-diyarşünaslıq muzeyinin eksponatları, xalq tətbiqi sənəti nümunələri, qədim dulusçuluq məişət əşyaları, milli mətbəxin nümunələri ilə yaxından tanış olmuşlar.
Axşam saatlarında Masallı şəhərindəki Heydər Əliyev parkında Beynəlxalq folklor festivalı iştirakçılarının konserti olmuşdur.
İyunun 15-də başa çatacaq festivalın yekun konsertində iştirakçılara diplomlar və xatirə hədiyyələri təqdim olunacaqdır.
AzərTAc