İyunun 13-də mədəniyyət və turizm naziri Əbülfəs Qarayevə mənzil-qərargahı Kazanda yerləşən “Avropa-Asiya” Beynəlxalq Humanitar Akademiyasının “Fəxri akademiki” xüsusi diplomunun və lentinin təqdim edilməsi mərasimi keçirilmişdir.
Mükafat UNESCO-nun Sülh Mədəniyyəti İnstitutu tərəfindən verilmişdir.
Bu mükafata və fəaliyyətinin yüksək qiymətləndirilməsinə görə təşəkkürünü bildirən nazir demişdir ki, bu mükafat Azərbaycan-Rusiya humanitar əməkdaşlığının möhkəmlənməsi işinə əhəmiyyətli töhfə olacaqdır.
Ə.Qarayev vurğulamışdır ki, Azərbaycan Prezidenti İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın dəstəyi ilə Azərbaycanda mədəniyyət sahəsi uğurla inkişaf edir. Nazir demişdir: “Son illər ölkəmizdə çoxsaylı beynəlxalq mədəniyyət tədbirləri keçirilmişdir. Bu sahədə Rusiya-Azərbaycan əlaqələri ən yüksək səviyyədədir”.
Rusiya regionları ilə əməkdaşlığa böyük maraq olduğunu vurğulayan Ə.Qarayev demişdir: “Kazan ruhən bizə çox yaxındır. Kulturoloqlarımız Tatarıstanın elmi institutları ilə sıx əməkdaşlıq edirlər. Bərpa işləri sahəsində böyük təcrübə, maddi irsə qayğıkeş münasibət bizi cəlb edir. Kazan Kremlinə heyran qalmışam. Kazana İslam incəsənəti sərgisinə getmişdim. Bakıda da belə bir sərgi
keçirmək təklif edilmişdir”.
Səmimi qəbula görə minnətdarlığını bildirən UNESCO-nun Sülh Mədəniyyəti İnstitutunun direktoru Engel Tahirov Azərbaycan xalqının mehribanlığını xüsusi vurğulamışdır. E.Tahirov naziri Kazana dəvət edərək vurğulamışdır ki, qardaş Azərbaycan xalqı qədim mədəni ənənələr əsasında inkişaf edir. Azərbaycan xalqının cazibəsi onun mənəvi inkişafının yüksək səviyyədə olmasındadır.
E.Tahirovun sözlərinə görə, Azərbaycanda mədəniyyətin inkişafına xüsusi diqqət yetirilməsi üçüncü minillikdə ölkənin inkişafının qüsursuz yol xəritəsidir. Qonaq demişdir ki, Azərbaycan xalqının yüksək mənəviyyatı, tolerantlığı onun zəngin mənəvi dəyərlərini əks etdirir.
AzərTAc