65 yaşlı Britaniya sakini Navinna Şayn yeməkdən imtina edib və deyir ki, orqanizmi üçün bütün lazımi maddələri Günəş şüalarından alır. Qadın sonuncu dəfə aprelin 30-da yemək yeyib.
Həmin tarixdən sonra qadın bir həftə ərzində yalnız meyvə şirələri içib. Sonradan isə, ümumiyyətlə, heç nə qəbul etməyib.
Şaynın sözlərinə görə, yalnız su içir və yeməyə ehtiyacı yoxdur. Aclıq hiss olunsa da, az-az hallarda olur.
Qadın öz eksperimentini videoya çəkir. Kameralar onun evinin bütün otaqlarında quraşdırılıb. Həmin kameralar onun fiziki vəziyyətini və Günəş dietasına nə dərəcədə riayət etməsini qeydə alır. Qidadan imtina etdiyi vaxt çəkisi 72 kiloqram idi. İndi isə 14 kq arıqlayıb.
Qadının sözlərinə görə, əsas qida haqqında düşüncələrdən özünü saxlamaqdır. Ancaq bu məsələdə də qadının çətinliyi var. Çünki qida artıq sosial əlaqə yaratmaq üçün bir vasitəyə çevrilib.
"Dostlarım məni pikniklərə çağırırlar. Mən isə yeməyə baxa və onun iyini hiss edə bilmirəm. Qida sosial əlaqə vasitəsinə çevrilib. Mən isə özümü məcbur edirəm ki, mümkün qədər qida haqqında düşünməyim.", - Şayn deyib.
Bu gün dünyada qidalanmadan imtina edən 5 min adam yaşayır. Onlar qidalanmanın vacib olmadığını iddia etsələr də, tibbi araşdırmalar bu fikri təkzib edir. Təbabət elminin gəldiyi nəticəyə görə, qidalanmamaqla sağ qalmaq mümkün deyil.
Big.az