Hindistanın Uttar-Pradeş ştatının Behata kəndində qeyri-adi məbəd vardır. Uzun illərdir ki, bu məbəd qarşıdakı mövsümdə düşəcək yağıntının miqdarı barədə kəndlilərə məlumat verir.
Bütün məsələ tavanda əmələ gələn su damcılarındadır. Özü də indiyədək heç kəs bilmir ki, bu su damcıları necə yaranır, axı ətrafda heç bir sututar yoxdur, məbəd isə yüksəklikdə yerləşir.
Mussonların məbədi deyilən bu məbədin 100-dən çox yaşı vardır. Yaxın və uzaq kəndlərin sakinləri hər gün ibadət etməyə gəlirlər. Tavandan damcılayan suyu hamı görə və buna uyğun yağıntının çox, yaxud az olacağını müəyyən edə bilər. Ətrafda heç bir su mənbəyi və ya göl yoxdur. Yerli sakinlər deyirlər ki, əgər tavandan az damcı düşürsə, deməli, yağıntı az olacaq, çox damcı düşürsə, yaxşı yağışlar yağacaq.
Hindistanda yağışlar mövsümü iyun ayından sentyabradək davam edir və bu yağıntılar yerli kənd təsərrüfatı sahələri üçün çox böyük əhəmiyyət kəsb edir. Bu sahələrin 55 faizinin başqa suvarılma mənbəyi yoxdur. Hindistan dünyada yeyinti məhsulları istehsal və ixrac edən ən böyük ölkələrdən biridir.
Bu mövsüm üçün qabaqcadan verilən xəbərlər sevindiricidir.
Sakinlərin sözlərinə görə, bu məbədin “dediyi həmişə düz çıxır”. Hər dəfə insanlar bu damcılara tamaşa etmək və onları gözləyən musson yağışlarının gücünü öyrənmək üçün buraya gəlirlər.
Yerli sakinlər bir də onu deyirlər ki, bu yerlərə Hindistanın müxtəlif guşələrindən çoxlu tədqiqatçı və alimlər gəlmişlər. Xarici KİV-lərin verdikləri xəbərlərə görə, onların hamısı bu qeyri-adı hadisənin izahını verməyə cəhd göstərsə də, ümumi qənaətə gələ bilməmişdir.
AzərTac