Gənc vokalçımız Emin Eminzadə “Opus - 2013” IX Beynəlxalq mahnı müsabiqəsinin aparıcısı olacaqdır
14.6.2013

İyunun 14-dən 21-dək İspaniyanın Kataloniya vilayətindəki Lloret de Mar şəhərində “Opus - 2013” IX Beynəlxalq mahnı müsabiqəsi keçiriləcəkdir.
14-21 yaşlı yeniyetmə və gənclər arasında keçiriləcək müsabiqə Lloret de Mar şəhərinin mədəniyyət və turizm idarəsi tərəfindən təşkil edilmişdir.
Bu mötəbər tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin nəzdində fəaliyyət göstərən G.Şarayeva adına 35 nömrəli musiqi məktəbinin şagirdi Emin Eminzadə də iştirak edəcəkdir.
Lakin Emin Eminzadə “Opus - 2012” VIII Beynəlxalq mahnı müsabiqəsinin laureatı olduğundan bu dəfə Azərbaycanı təmsil etməyəcəkdir.
Tədbirin təşkilat komitəsi Emin Eminzadəni builki mötəbər müsabiqənin aparıcısı seçmişdir. Bundan əlavə, gənc vokalçı müsabiqənin qala-gecəsində mərhum görkəmli müğənni və bəstəkarımız Müslüm Maqomayevin “Azərbaycan” mahnısı və “Bessame muço” ispan mahnısını ifa edəcəkdir.
Artıq “Opus - 2013” IX Beynəlxalq mahnı müsabiqəsinin təşkilat komitəsi adından Azərbaycanın İspaniya Krallığındakı səfiri Altay Əfəndiyevə və Emin Eminzadəyə bununla bağlı rəsmi dəvətnamə göndərilmişdir. Səfir isə öz növbəsində lazımi köməklik göstərilməsi üçün Mədəniyyət və Turizm, həmçinin Gənclər və İdman nazirliklərinə məktub ünvanlamışdır.
Emin Eminzadə ilə birlikdə İspaniyaya onun məsləhətçi müəlliməsi, professor, SSRİ Xalq Artisti Fidan Qasımova və atası, Xəzər Emin də gedəcəkdir.
Emin Eminzadə 14 yaşında İtaliya (2011), 15 yaşında İspaniya (2012) və 16 yaşında Qazaxıstanda (2013) keçirilmiş beynəlxalq müsabiqələrin laureatı adına layiq görülmüşdür.

AzərTac