İyunun 14-də İçərişəhərdəki Arxeologiya bağında “Açıq rəf” layihəsinin təqdimat mərasimi keçirilmişdir.
Mərasimdə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev çıxış edərək “Açıq rəf” layihəsinin Azərbaycan xalqının əlamətdar bayramı olan 15 iyun - Milli Qurtuluş Gününə həsr olunduğunu diqqətə çatdırmışdır.
Bildirmişdir ki, ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdışının başlanğıcı olan Milli Qurtuluş Günü Azərbaycanın müstəqilliyini, suverenliyini əbədiləşdirən tarixdir. Hər birimiz üçün əziz və müqəddəs olan 15 iyun tarixi müasir Azərbaycanın müstəqilliyinin, hüquqi dövlət quruculuğunun başlanğıcıdır. Ötən əsrin 90-cı illərinin əvvəllərində daxili çəkişmələr, iqtisadi böhran içərisində əzilən Azərbaycanın xilas yolunu müəyyənləşdirən ulu öndər Heydər Əliyevin 1993-cü il iyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilməsindən sonra respublikada siyasi sabitlik təmin olunmaqla siyasi, iqtisadi, sosial inkişaf keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşdur.
F.Hacıyev bildirmişdir ki, layihənin əsas məqsədi gənclərin diqqətini ədəbiyyata cəlb etmək, yeni nəsildə kitab oxumağa həvəsi artırmaq, eyni zamanda, ölkədə yaşayan xarici vətəndaşları Azərbaycan haqqında kitab vasitəsilə məlumatlandırmaqdır.
Qeyd edilmişdir ki, layihənin prinsipinə görə oxucular buradan əldə etdikləri kitabları ya geri qaytarmalı, ya da əvəzinə başqa kitab təhvil verməlidirlər.
Digər çıxış edənlər də “Açıq rəf” layihəsini yüksək qiymətləndirilmiş, onun davamlı olmasını arzulamışlar.
AzərTac