Dünya Azərbaycanlı Gənclər Birliyinin “Azərbaycan guşəsi” adlı layihəsi çərçivəsində Serbiyanın Belqrad şəhərində yerləşən Milorad Paviçin ev muzeyində “Azərbaycan guşəsi” açılıb.
Birliyin mətbuat xidmətindən verilən məlumata görə, yazıçının ev muzeyinə həmçinin onun Azərbaycan dilində nəşr edilən kitabları da təqdim edilib.
Qeyd edək ki, Paviçin həyat yoldaşı və ev muzeyinin müdiri şairə Yasmina Mixayloviç Azərbaycan Respublikasının yazıçıya qarşı olan diqqətini xüsusi qiymətləndirdiyini və qayğıya görə təşəkkürünü bildirib.“Azərbaycan guşəsi” adlı layihə davamlı və genişmiqyaslı xarakter daşıyır. Yaxın zamanlarda digər yazıçı və şairlərin ev muzeylərinə Azərbaycan dilində əsərlərin göndərilməsi və həmin muzeylərdə Azərbaycan guşələrinin açılması nəzərdə tutulur.
Bu siyahıya Ernest Heminquey, Mark Tven, Conatan Svift, Teodor Drayzer, Viktor Hüqo, Migel de Servantes, Cek London, Gi de Mopassan, İohann Höte, Fyodr Dostoyevskiy, Lev Nikolayeviç Tolstoy, Adam Mitskeviç, Mixail Prişvin və digər yazıçılar, şairlər daxildir.
Layihənin məqsədi ev muzeylərində Azərbaycan guşəsi yaratmaqla, Azərbaycan oxucusunun dünya ədəbiyyatına marağını, verdiyi əhəmiyyəti göstərməkdir.
ANS PRESS