Əbülfəs Qarayev Toğrul Nərimanbəyovun Fransada dəfn olunması barədə qərara münasibət bildirib
19.6.2013

Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev xalq rəssamı Toğrul Nərimanbəyovun dəfni ətrafında yaranmış qalmaqala münasibət bildirib.

Ə. Qarayev deyib ki, Azərbaycan dövləti görkəmli xalq rəssamı Toğrul Nərimanbəyovun cəsədinin Azərbaycana gətirilməsi istiqamətində iş görür.

Nazirin sözlərinə görə, Toğrul Nərimanbəyov Azərbaycan mədəniyyətinin, xalqının bir hissəsi, rəngkarlıq məktəbinin ən görkəmli nümayəndələrindən biridir: “Biz onu sözsüz ki, Azərbaycana gətirib hörmət və izzətlə dəfn etmək istəyirik. Lakin burda başqa amil ortaya çıxır. Fransa Respublikasının qanunvericiliyi ailə münasibətləri daxilində xanımı və yetkinlik yaşına çatmayan övladının mövqeyini nəzərə alaraq rəssamın Fransada dəfn olunması barədə qərar çıxarıb. Xanımının iddiası onu mütəmadi ziyarət etmək istəyi ilə izah olunur. Biz isə xalq, millət, dövlət olaraq Toğrul Nərimanbəyovun başqa bir dövlətdə dəfn olunması ilə razılaşmalıyıq. Amma proses hələ davam edir”.

Xatırladaq ki, SSRİ və Azərbaycan respublikasının dövlət mükafatları laureatı, SSRİ və Azərbaycanın xalq artisti, Prezident təqaüdçüsü Toğrul Fərman oğlu Nərimanbəyov iyunun 2-də 83 yaşında dünyasını dəyişib. Onun ikinci həyat yoldaşı rəssamın Fransada dəfn olunmasında israr edir, qızı isə buna qarşı çıxır və atasının Azərbaycanda dəfn olunmasını istəyir. Əsmər Nərimanbəyova bununla bağlı məhkəməyə müraciət edib. Məhkəmə isə iyunun 18-də T. Nərimanbəyovun Fransada dəfn olunması barədə qərar çıxarıb.

APA