İsraildə 21 yaşadək futbolçulardan ibarət komandalar arasında keçirilən Avropa çempionatına yekun vurulub.
Finalda İspaniya milli komandası ilə İtaliya yığması üz-üzə gəlib.
Yerusəlim şəhərinin “Teddi” stadionunda baş tutan görüşdə ispanlar 4:2 hesabı ilə qələbə qazanaraq, titulunu qorumağı bacarıb.
Matçda İspaniyanın və “Barselona”nın yarımmüdafiəçisi Tiaqo Alkantara 38 dəqiqəyə het-trik edib. Çempionların digər qolunu isə “Malaqa”nın ulduz futbolçusu İsko rəqibin qapısından keçirib. “Skuadra adzurra”nın heyətində Çiro İmmobile və Fabio Borini fərqlənib.
Bununla da, İspaniya ardıcıl 2-ci, ümumilikdə isə 4-cü dəfə qitə birinciliyinin qalibi olub.
Qeyd edək ki, 5 matçda 4 top vurmuş İspaniyanın hücumçusu Alvaro Morata yarışın ən yaxşı bombardiri adına layiq görülüb.
Avropa çempionatı
Final
18 iyun
İtaliya U-21 - İspaniya U-21 - 2:4
İmmobile, 10, Borini, 80 - Alkantara, 6; 31; 38, İsko, 66
APA