ABŞ məhkəməsi öz anasını qarət etmiş milyoner barəsində hökmü qüvvədə saxlamışdır
19.6.2013

Manhetten ştatının ali məhkəməsi 89 yaşlı Entoni Marşall barəsində hökmü qüvvədə saxlamışdır. Marşall öz anası Bruk Astorun bir neçə milyon dollarını oğurlamaqda təqsirkar bilinmişdir. İndi onun bir ildən üç ilə qədər həbs cəzası gözləyir.
Nyu-Yorkun kübar cəmiyyətində xeyriyyəçilik fəaliyyəti ilə tanınmış Bruk Astor 2007-ci ildə 105 yaşında vəfat etmişdir.
Marşal hələ anasının sağlığında onun xəstə olmasından istifadə edərək təqribən 200 milyon dollara bərabər sərvətinin bir hissəsini oğurlamışdır. Marşallın vəkilinin sözlərinə görə, o, ürək xəstəliyindən əziyyət çəkir və əlil arabasında gəzir. Hüquqşünas demişdir: “Onu bu yaşında həbs cəzasına məhkum etmək amansızlıq və qeyri-adi hərəkət olardı”.
Marşallın işi üzrə məhkəmə araşdırması beş ay davam etmişdir. Məhkəmədə şahidlər qismində ABŞ-ın kübar cəmiyyətinin tanınmış nümayəndələri, o cümlədən keçmiş dövlət katibi Henri Kissencer, telejurnalist Barbara Uolters və dizayner Oskar de la Rentanın xanımı Annet çıxış etmişlər.
Bruk Astor XIX əsrin əvvəlində xəz alveri hesabına böyük sərvət toplamış Con Ceykob Astorun vərəsəsi idi.

AzərTac