2013-cü ilin “Kainat gözəli” müsabiqəsi noyabr ayında Moskvada keçiriləcəkdir
19.6.2013

Bu il “Kainat gözəli” müsabiqəsi Moskvada keçiriləcək və tarixdə yaddaqalan, mötəbər bir hadisə olacaqdır.
Tədbirin keçiriləcəyi “Krokus Siti Holl”un mətbuat xidməti müsabiqənin təşkilatçısı, amerikalı milyarder Donald Tramplın sözlərinə əsaslanaraq belə məlumat yaymışdır. Mediamaqnat müsabiqənin noyabrın 9-da Moskvada keçiriləcəyini “ABŞ gözəli” müsabiqəsinin teletranslyasiyasının birbaşa efirindən elan etmişdir.
“Krokus Siti Holl”un mətbuat xidməti D.Tramplın bu sözlərini sitat gətirmişdir: “Mən qəti əminəm ki, bu ən böyük və ən yaxşı “Kainat gözəli” müsabiqəsi olacaqdır”.
Konsert meydançasının administrasiyasından verilən məlumata görə, builki müsabiqədə dünyanın 90 ölkəsindən qızlar iştirak edəcəklər. Tamaşaçıların sayı isə bir milyardı ötəcəkdir.
İdarədən bildirmişlər ki, biletlərin qiyməti və satışa çıxarılması ilə bağlı məlumatlar yaxın günlərdə veriləcəkdir.
Dünyanın ən nüfuzlu müsabiqəsi olan “Kainat gözəli” müsabiqəsi 1952-ci ildə Kaliforniyada təsis edilmişdir.
Maksimal tutumu 6.171 nəfər olan ikiyaruslu “Siti Krokus Siti Holl” konsert zalı 2009-cu ildə “Krokus Ekspo” beynəlxalq sərgi mərkəzinin ərazisində açılmışdır.
2012-ci ildə Las-Veqasda keçirilən “Kainat gözəli” müsabiqəsinin qalibi Rod-Aylend ştatının sakini, 20 yaşlı “ABŞ gözəli” Oliviya Kalpo olmuşdur. O.Kalpo mükafat olaraq brilyant və mirvari ilə bəzənmiş tac, Nyu-York kino və televiziya məktəbində təhsil almaq üçün 45 min dollar əldə etmişdi.
Həmin müsabiqədə müxtəlif ölkələrdən 89 qız iştirak etmişdi. Qaydalara görə, qızlar subay və uşaqsız olmalıdırlar. Bundan əlavə, onların yaşı 27-dən çox, 18-dən az olmamalıdır.

AzərTac