İyunun 21-də Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin diaspor təşkilatları rəhbərlərinin I Forumu keçiriləcəkdir.
Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilmişdir ki, Foruma dünyanın 44 ölkəsindən 500-ə yaxın nümayəndə dəvət edilmişdir. Onların əksəriyyəti Azərbaycan, türk, qazax və qırğız diaspor təşkilatlarının rəhbərləri və təmsilçiləridir.
Forumda diaspor nümayəndələri ilə yanaşı, Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə respublikalarının dövlət və hökumət strukturlаrından, qеyri-hökumət təşkilatlаrından, elm, mədəniyyət və digər yaradıcı qurumlаrdan nümayəndələr qonaq qismində iştirak edəcəklər. Onların arasında Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) baş katibi Düsen Kaseinov, Ümumdünya Qazaxlar Assosiasiyasının idarə heyəti sədrinin birinci müavini Talqat Mamaşov, Qırğız Respublikasının əmək, miqrasiya və gənclər naziri Alisbek Alımkulov, Türkiyə Respublikası Nazirlər Kabineti yanında Xaricdə Yaşayan Türklər və Əqraba İcmaları Departamentinin sədri Kemal Yurtnaç, Türkiyə Respublikası Baş nazirinin müşaviri Sadəttin Kılıç, Beynəlxalq Türk Akademiyasının rektoru Şakimaşrip İbrayev və digər rəsmi şəxslərin iştirakı gözlənilir.
Forumda türkdilli ölkələrin diaspor təşkilatları arasında əməkdaşlığın istiqamətləri, türk dünyasının problemlərinin həlli sahəsində birgə fəaliyyətin perspektivləri ilə bağlı fikir mübadiləsi aparılacaq, bu il mayın 14-də Ankarada imzalanmış “Türkdilli ölkələrin diaspor təşkilatlarının ortaq fəaliyyət strategiyası”nın həyata keçirilməsi məsələləri müzakirə ediləcəkdir.
Bir gün davam edəcək Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin diaspor təşkilatları rəhbərlərinin I Forumu Bakı Bəyannaməsinin qəbulu ilə yekunlaşacaqdır.
Forumdan əvvəl isə qonaqlar Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını, daha sonra isə Şəhidlər xiyabanı və türk əsgərlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət edəcəklər.
Forumun rəsmi açılış mərasimi saat 10.00-da “Gülüstan” sarayında olacaqdır.
Tədbirin sonunda Azərbaycan, Türkiyə və Qazaxıstanın incəsənət ustalarının çıxışı planlaşdırılmışdır.
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin diaspor təşkilatları rəhbərlərinin I Forumunun Azərbaycanın paytaxtında keçirilməsi Şuranın bu ilin yanvarında elə Bakıda reallaşan ilk iclasında qərara alınmışdır. Daha sonra isə təmas qrupunun Ankarada keçirdiyi görüşlərdə Forumun detalları dəqiqləşdirilmişdir.
AzərTac