Misirdə fironlar dövrünə aid qədim şəhər tapılmışdır
20.6.2013

Qahirənin şimalında alimlər fironların hökmranlığı dövrünə aid qədim şəhər tapmışlar.
Misir KİV-ləri Qədim Abidələr Nazirliyinə istinadla xəbər verir ki, arxeoloqlar Qəlyubiyyə əyalətində qazıntı işləri zamanı eramızdan əvvəl təqribən 2000-1700-cü illərə aid insan məskənlərinin qalıqlarını tapmışlar. Alimlər yaşayış evlərinin və kral saraylarının fraqmentlərini, habelə daş üzərində oyulmuş qəbirlərdən ibarət qəbiristanlıq aşkar etmişlər. Vaxtilə yanmış kərpicdən tikilmiş, dörd metr hündürlükdə qala divarı ilə əhatə olunmuş şəhər bu günədək qalmışdır.
Bundan əlavə, arxeoloqlar xeyli məişət əşyaları, o cümlədən qab-qacaq, lampalar, müxtəlif həmayillər, həmçinin qədim Misirin rəmzlərindən biri olan müqəddəs böcək şəklində həmayillər aşkara çıxarmışlar. Bəzi yerlərdə çini kaşılardan düzəldilmiş döşəmə mozaikası salamat qalmışdır.

AzərTac