Bir qrup sahibkar Kaliforniya sahilində qeyri-adi layihəni həyata keçirməyə hazırlaşır. Bu layihə iş vizası olmadan ABŞ-da işləyən proqramçılar və biznesmenlər üçün nəzərdə tutulmuşdur. “Spiegel” jurnalı yazır ki, sahildən 22 kilometr aralıqda onların istirahəti, işləməsi və yaşaması üçün yüksək texnologiyalı “gəmi” inşa ediləcəkdir.
Bu gəmi sahildən aralı, təhlükəsiz bir yerdə yaradılacaqdır. Belə ki, bir tərəfdən, cinayətkarların (və polisin) bura gəlib çıxması asan olmayacaq, digər tərəfdən isə, gəminin sakinləri lazım gəldikdə cəmi bir saata Silikon vadisinə üzüb çata biləcəklər. Bunun üçün “gəmi” gündə iki dəfə sahilə gedib qayıdan xüsusi katerlərlə təchiz olunacaqdır.
“Blueseed” layihəsinin müəllifləri Dario Mutabdziyya və Maks Marti belə hesab edirlər ki, dövlət xarici mütəxəssislər üçün həddindən artıq lazımsız bürokratik əngəllər yaradaraq onların ABŞ-da öz ideyalarını və iddialarını həyata keçirməsinə mane olur. Üzən ev-ofis ilk növbədə belə adamlar üçün nəzərdə tutulmuşdur. Əvvəlcə “gəmi”də min nəfərədək adam yerləşdirmək planlaşdırılır. Onlar üçün “gəmi”də yaşayış evləri, ofislər, konfrans zalları, fitnes mərkəzləri, kafelər yaradılacaqdır.
Məqsədyönlü və perspektivli işçilər üçün gəmidə aylıq yaşayışın dəyəri 1,2 min dollardan 3 min dollaradək olacaqdır. Layihənin müəllifləri belə hesab edirlər ki, Silikon vadisində ofis kirayəsinin neçəyə başa gəldiyi nəzərə alınarsa, bu, çox sərfəli təklifdir.
Viza və vergi məsələlərinə gəldikdə isə, Amerika turist vizası ilə ildə 180 günədək “gəmi”də qalmaq mümkün olacaqdır, çünki o, Baham adaları bayrağı altında üzəcəkdir. Müvafiq olaraq, biznesmenlər əmək fəaliyyəti ilə məşğul olduqlarına görə dövlətə heç bir ayırmalar ödəməyəcəklər.
“Blueseed” layihəsinin müəllifləri artıq xeyli çətinliklərlə qarşılaşsalar da, layihənin gələn il işə salınacağına ümid edirlər. Dario Mutabdziyya və Maks Marti təqribən 30 milyon dollarlıq kirayə üçün hələ münasib gəmi tapmamışlar. Axı gəmini həm də yanacaqla, hər cür avadanlıqla təchiz etmək lazımdır. Layihənin müəllifləri onun işə salınmasının dəqiq tarixini göstərə bilmirlər.
AzərTac