Azərbaycanda Fransız İnstitutu “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin dəstəyi ilə, dünyada iyunun 21-də qeyd olunan Musiqi Bayramı münasibətilə Bakıda konsert təşkil edəcəkdir.
Azərbaycanda Fransız İnstitutundan bildirilmişdir ki, konsert Kiçik Qala küçəsində yerləşən (giriş Qoşa Qala Qapısından) “Yeni Park”da keçiriləcəkdir. Gənc azərbaycanlılardan ibarət çoxsaylı həvəskar musiqi qrupları bu konsertdə çıxış etmək şansı qazanacaqdır.
Artıq otuz ildən çoxdur ki, bütün fransızlar hər il bu günü musiqi görüşləri ilə bayram edirlər. Hazırda Musiqi Bayramı dünyanın 110 ölkəsində qeyd olunur.
Bu bayramın əsas qayəsi, həvəskar və ya peşəkar kateqoriyalarına ayırmadan bütün musiqiçilərə səhnədə çıxış etmək fürsəti verməkdir. Konsertin proqramında alternativ rok, folk, rep, flamenko və digər janrlarda musiqilər yer almışdır.
Açıq havada keçiriləcək konsertin təşkilatçıları hamıda bayram əhval-ruhiyyəsi yaradacaqlarına ümid edirlər.
AzərTac