Azərbaycan komandası xatirə turnirində birinci olmuşdur
13.12.2011

Abbas Ağalarovun xatirəsinə həsr olunmuş gənclər arasında boks turnirinə yekun vurulmuşdur. Şağan Olimpiya İdman Kompleksində keçirilən yarışda Azərbaycan millisi 3 qızıl, 3 gümüş və 5 bürünc medala sahib olmuş və komanda hesabında birinci yerə çıxmışdır.
İdman yarışmasında Ukrayna yığması ikinci, Rusiya idmançıları isə üçüncü nəticə göstərmişlər. 52 kq çəki dərəcəsində mübarizə aparan Tural Əhmədov finalda Rusiya nümayəndəsi Bəxtovar Nəzirovu 19:16 hesabı ilə məğlub edərək, 1-ci yerə layiq görülmüşdür. Gənclər arasında Avropa çempionu Pərviz Bağırov da (64 kq) həlledici görüşdə Rusiya boksçusu Sergey Soblinski üzərində inamlı qələbə qazanmışdır: 21:13. Gənclərdən ibarət milli komandamızın daha bir üzvü – Hacıbaba Hacıbabayev də finalda qazaxıstanlı Alişer Amanı 19:12 hesabı ilə məğlub etmişdir. Turnirin ən yaxşı boksçusu üçün ayrılmış xüsusi mükafat Pərviz Bağırova təqdim olunmuşdur.