Dekabrın 17-18-də ənənəvi Qəbələ Beynəlxalq İncəsənət-Rəsm Sərgisi keçiriləcək
13.12.2011

Azərbaycan Mədəniyyət Fondu və SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının növbəti birgə layihəsinin hazırlıq işləri tamamlanmaq üzrədir.
Bu silsilədən dekabrın 17-18-də “Qafqaz Resort” Otelində artıq ənənəyə çevrilmiş II Qəbələ Beynəlxalq İncəsənət-Rəsm Sərgisi keçiriləcək. Dünyanın 16 ölkəsindən 100-dən çox rəssam “Sənət! Həyat! Torpaq!” mövzusunda keçiriləcək sərgidə iştirakını artıq təsdiqləyib. Onlar ABŞ, Almaniya, Avstriya, Azərbaycan, Böyük Britaniya, Fransa, Gürcüstan, İsrail, İtaliya, Koreya, Qazaxıstan, Latviya, Rusiya, Slovakiya, Türkiyə və Ukraynanı təmsil edirlər.
Qeyd edək ki, 18-19 dekabr 2010-cu ildə keçirilmiş I Qəbələ Beynəlxalq İncəsənət-Rəsm Sərgisində dünyanın 14 ölkəsindən 81 rəssam iştirak edib. Təşkilatçılar hesab edir ki, sərgidə iştirak etmək istəyən rəssamların və ölkələrin sayı nəzərə alınsa, bu layihənin ideyasına olan marağın artdığını görmək olar. Bu isə öz növbəsində Azərbaycana və Azərbaycan incəsənətinə olan diqqətin daha bir göstəricisidir.
Təşkilatçılar ümid edir ki, bu tədbir Azərbaycanla müxtəlif ölkələr arasında dostluq və mədəni əlaqələrin möhkəmlənməsinə şərait yaradacaq.
Keçən il olduğu kimi, bu il də təqdim edilən əsərlərin əksəriyyətinin satışı nəzərdə tutulur.