Riqada “Bakı” Azərbaycan mətbəxi restoranı açılacaqdır
20.6.2013

Bu il iyulun əvvəlində Baltikyanı ölkələrdə ən böyük Azərbaycan mətbəxi restoranı açılacaqdır.

“Bakı” adlanan bu restoranda Azərbaycanın müxtəlif regionlarının ənənəvi xörəklərini dadmaq, qonaqpərvər bir şəraitə düşmək mümkün olacaqdır.
“Bakı” restoranının sahibi Azər Mirzəliyev Qafqaz mətbəxinin sirlərini yaxşı bilir.

Bakının ən yaxşı restoranlarından bir neçəsi ona məxsusdur. Bu iaşə müəssisələrində müştərilərə Azərbaycanın müxtəlif regionları üçün səciyyəvi olan yeməklər təklif olunur.

Ağzının dadını bilən adamlar baş aşpaz Çələbi Paşayevin rəhbərliyi altında hazırlanan yeməkləri dada biləcəklər.

“Bakı” restoranı Riqa yaxınlığındakı sakit bir guşədə yerləşir. Məxsusi bu restoran üçün tikilmiş binanın memarlığı və interyeri Şərq ənənələri ilə müasir meyllərin üzvi şəkildə birləşməsini əks etdirən əyani nümunədir.

Binanın layihə müəllifləri Aleksandr Saxov və Maya Ezerqayledir. İnteryer məsələlərinin həlli Latviyanın “Distudija” studiyasının dizaynerləri Qalina Mizgireva və Viktoriya Yavkinaya həvalə edilmişdir. Onlar Azərbaycan tətbiqi sənətinə xas olan milli cizgilərlə müasir Avropa ənənələrinin vəhdətini yarada bilmişlər. Binanın tərtibatında ənənəvi materiallardan və Azərbaycan motivlərindən istifadə edilmişdir. Məsələn şəbəkə üslubunda fasad pannoları əhəng daşından hazırlanmış və azərbaycandan gətirilmişdir.

Restoranın sahibi Azər Mİrzəliyev deyir: “Bakıdakı restoranlarda eyni vaxtda 1000 nəfərə qədər müştəri qəbul etmək mümkündür. Riqadakı restoranımız o qədər də böyük deyildir. Mənim ölkəmdə adamlar restorana ailəvi şəkildə, dostları və həmkarları ilə birlikdə gedirlər. Onlar böyük bayramları, əlamətdar hadisələri zəngin süfrə arxasında dostların əhatəsində qeyd edir, belə məclislərdə ibrətamiz söhbətlər aparılır. İnanıram ki, Latviya sakinləri bizim bu ənənələrdən bəhrələnəcəklər”.

AzərTAc