Bakıda Türkdilli Dövlətlərin diaspor təşkilatları rəhbərlərinin I Forumu başlayıb
21.6.2013

Bu gün Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (TDƏŞ) üzv ölkələrin diaspor təşkilatları rəhbərlərinin I Forumu başlayıb.

Foruma dünyanın 44 ölkəsindən 500-dən artıq nümayəndə iştirak edir.
Onların əksəriyyəti Azərbaycan, türk, qazax və qırğız diaspor təşkilatlarının rəhbərləri və təmsilçiləridir.

Forumda diaspor nümayəndələri ilə yanaşı, Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə respublikalarının dövlət və hökumət strukturlаrı, qеyri-hökumət təşkilаtlаrı, elm, mədəniyyət və digər yaradıcı qurumlаrdan nümayəndələr qonaq qismində iştirak edirlər.

Forumda çıxış edən TDƏŞ-in baş katibi Xəlil Akınçı deyib ki, türk dövlətləri hər sahədə əlaqələrini genişləndirməkdədir.

Türk diaspor təşkilatları, o cümlədən gənclər arasında əlaqələrin genişləndirilməsi böyük önəm daşıyır.

O deyib ki, forumda 506 nəfər iştirak edir.

Yetərsay olduğu üçün forum açıq elan edilib.

Sonra çıxış edən Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov deyib ki, türk dünyasının birliyinin yaranması ideyası 100 illərlə mövcud olub, yalnız 20-ci əsrin sonlarında türk dövlətlərinin müstəqillik qazanması ilə bu ideyanın reallaşdırılması istiqamətdə yeni şərait yarandı.

Azərbaycan hər zaman türk dünyasının birliyinə böyük önəm verib. O deyib ki, əsas məqsədimiz türk xalqlarının diaspor qurumlarının birgə fəaliyyətinə nail olmaq və qarşılaşdığımız problemlərin birgə həllinə, türk dünyasının haqq səsinin dünyada ucaldılmasına nail olmaqdır.

İnanıram ki, bu forum türk dünyasının birliyi ideyasına xidmət etməklə öz töhfəsini verəcək.


Forumda Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) baş katibi Düsen Kaseinov, Ümumdünya Qazaxlar Assosiasiyasının İdarə Heyəti sədrinin birinci müavini Talqat Mamaşov, Qırğızıstanın əmək, miqrasiya və gənclər naziri Alisbek Alımkulov, Türkiyə Respublikası Nazirlər Kabineti yanında Xaricdə yaşayan Türklər və Əqraba İcmaları Departamentinin sədri Kemal Yurtnaç və digərləri iştirak edir.

Forumda türkdilli ölkələrin diaspor təşkilatları arasında əməkdaşlığın istiqamətləri, türk dünyasının problemlərinin həlli sahəsində birgə fəaliyyət perspektivləri ilə bağlı fikir mübadiləsi aparılacaq, bu il mayın 14-də Ankarada imzalanmış “Türkdilli ölkələrin diaspor təşkilatlarının ortaq fəaliyyət strategiyası”nın həyata keçirilməsi məsələləri müzakirə ediləcək.

Bir gün davam edəcək Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin diaspor təşkilatları rəhbərlərinin I Forumu Bakı Bəyannaməsinin qəbulu ilə yekunlaşacaq. Tədbirin sonunda Azərbaycan, Türkiyə və Qazaxıstanın incəsənət ustalarının çıxışı planlaşdırılıb.

Qeyd edək ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin diaspor təşkilatları rəhbərlərinin I Forumunun Azərbaycanın paytaxtında keçirilməsi şuranın bu ilin yanvarında Bakıda baş tutan ilk iclasında qərara alınıb. Daha sonra isə təmas qrupunun Ankarada keçirdiyi görüşlərdə forumun detalları dəqiqləşdirilib.

gun.az