Bakıda Beynəlxalq Olimpiya Günü münasibətilə kütləvi qaçış keçirilmişdir - FOTO
24.6.2013

İyunun 23-də Bakıda Beynəlxalq Olimpiya Günü münasibətilə kütləvi qaçış keçirilmişdir.

Açılış mərasimində çıxış edən Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə hər il ölkəmizdə Beynəlxalq Olimpiya Günü münasibətilə qaçış gününün keçirildiyini diqqətə çatdırmışdır.

İdmançılarımızın beynəlxalq arenada qazandığı nailiyyətlərdən danışan Ç.Hüseynzadə ölkəmizdə Olimpiya hərəkatının inkişafda olduğunu vurğulamışdır. Tədbirin əhəmiyyətini yüksək qiymətləndirən vitse-prezident iştirakçılara uğurlar arzulamış və layiqli idmançının qalib gələcəyinə ümidvar olduğunu bildirmişdir.

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov ölkəmizdə idmana göstərilən dövlət qayğısından danışmış, idmançılarımızın beynəlxalq arenada qazandığı nailiyyətlər barədə məlumat vermişdir. Ölkəmizin bir idman ölkəsinə çevrildiyini diqqətə çatdıran R.Abbasov Bakının 2015-ci ildə birinci Avropa Oyunlarına ev sahibliyi etməsini tarixi uğur kimi dəyərləndirmişdir.

“Coca-Cola Azərbaycan” şirkətinin baş meneceri Lisani Atasayan bildirmişdir ki, ənənəvi Olimpiya qaçış gününün keçirilməsi Azərbaycanın Olimpiya hərəkatını həmişə dəstəkləməsini nümayiş etdirir.

Rəsmi hissə başa çatdıqdan sonra idmançıların nümunəvi çıxışı olmuşdur.

Sonra Dənizkənarı Milli Parkda 1000 metr məsafəyə qaçışa start verilmişdir.

Yarışda 1200-dək idmançı iştirak etmişdir.

Gərgin idman mübarizəsi şəraitində keçən yarışda səkkiz yaşadək idmançıların marafonunda Məhəmməd Qardaşov, veteranlar arasında Sadıq Sadıqov, qadınların qaçışında Raidə Aslanova, kişilərin mübarizəsində isə Vüqar Novruzov birinci olmuşlar. Qaliblərə sertifikatlar və xatirə hədiyyələri təqdim olunmuşdur.

Qaçışın ən yaşlı üzvü Aydın Talıbov (77 yaş) və ən kiçik iştirakçısı Cəmil Cəfərova (5 yaş) xüsusi hədiyyələr verilmişdir.

Qeyd edək ki, Beynəlxalq Olimpiya Günü bütün dünyada qeyd olunur. Həmin gün baron Pyer de Kuberten tərəfindən əsası qoyulmuş Olimpiya hərəkatının işıqlı ideallarına həsr olunmuşdur. Məhz 1894-cü il iyunun 23-də Parisdə bədən tərbiyəsi problemlərinə həsr olunmuş konqresdə on iki ölkənin nümayəndələrinin iştirakı ilə məşhur fransız öz tarixi məruzəsini etmişdir. Məruzədə o, konqresin iştirakçılarını işləyib hazırladığı Olimpiya Oyunlarının təşkilati əsasları ilə tanış etmişdir.

Sonra konqresdə müasir tarixdə ilk olimpiadanın keçirilməsi barədə qərar qəbul olunmuşdur. Bu olimpiada 1896-cı ildə Afinada keçirilmişdir - on üç ölkənin 311 atleti olimpiya proqramının on üç növü üzrə medallar uğrunda mübarizə aparmışdır. İndi dörd ildən bir planetin ən güclü atletlərinin yarışları keçirilir. Yalnız İkinci dünya müharibəsi dövrü istisna təşkil edir.

AzərTAc