Jak Kustonun nəvəsi bir ay su altında qalacaqdır
24.6.2013

Okeanların əfsanəvi tədqiqatçısı Jak Kustonun nəvəsi Fabyen Kusto bu il Floridada (ABŞ) start götürəcək 31 günlük sualtı ekspedisiya keçirməyi planlaşdırır.
Rejissor və okeanoqraf Fabyen Kusto Amerika Milli Atmosfer və Okean Tədqiqatları İdarəsi ilə birlikdə keçiriləcək “Mission 31” tədqiqat missiyasına başçılıq etməyi planlaşdırır. Frans Press agentliyinin verdiyi məlumata görə, idarə özünün “Aquarius” laboratoriyasını okeanoloqların sərəncamına verəcəkdir.
Layihə çərçivəsində xüsusi tədqiqat laboratoriyasının əsas vəzifəsi qlobal istiləşmənin sualtı həyata təsirini qiymətləndirməkdən ibarət olacaqdır.
Fabyen Kustonun bəyanatında deyilir: “Bizim missiyanın məqsədi iqlim dəyişmələrinin və Cənubi Floridada, habelə okeanın yaxın regionlarında suyun çirklənməsinin təsirini öyrənməkdir.
Onun sözlərinə görə missiya özü sualtı laboratoriyada yerləşəcək, alimlər isə sualtı motosikletlərdə avtonom robotlarla adi sualtı kostyumlarda işləyəcəklər. Nəvə Kusto deyir: “Missiya 31 – Jak Kustonun 1960-cı illərdəki layihələrinə bizim ehtiramımızın əlamətidir. 1963-cü ildə Kustonun komandası 30 gün ərzində Qırmızı dənizi tədqiq etmişdir. Biz isə su altında 31 gün qalacağıq”.
O daha sonra qeyd etmişdir ki, komanda okeanda baş verən dəyişiklikləri tədqiq etməklə bərabər, bir ay ərzində su altında yaşayacaq insanların məruz qaldığı fizioloji dəyişiklikləri də izləyəcəkdir.

AzərTac