“Alov qüllələri” kompleksindəki “Fairmont Baku” otelinin açılışı olmuşdur. Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva açılış mərasimində iştirak etmişlər.
Dövlət başçısı “Fairmont Baku” otelinin rəmzi açılışını bildirən lenti kəsdi.
“Alov qüllələri”ni yeni yüzillikdə Bakıda həyata keçirilən şəhərsalmanın mühüm tərkib hissəsi və hətta yeni elementlərindən biri hesab edirlər. Müasir Bakının simvollarından birinə çevrilən bu qüllələr qlobal urbanizasiya tələblərinə tam cavab verməklə özündə bir neçə kompleksi və xidmət sektorunu birləşdirir. Nömrələrin hamısından şəhərə və Xəzər dənizinə gözəl mənzərə açılır. Otel qülləsində ümumi sahəsi 2,3 min kvadratmetrdən çox olan və özündə idman zalı, hovuz və digər istirahət yerlərini birləşdirən xidmət sahələri yaradılmışdır. Bundan əlavə, burada ümumi sahəsi 5 min kvadratmetrdən çox olan müxtəlif konfrans zalları da fəaliyyət göstərir. Beş konfrans zalında minimum 430, maksimum 1000 nəfərlik tədbirlərin keçirilməsi üçün hər cür şərait vardır. Burada müxtəlif ziyafət zalları, restoran və kafelər qonaqlara yüksək səviyyəli xidmət göstərəcəkdir. Binada 219 avtomobil üçün dayanacaq vardır. Oteldə 18 lift işləyir. Bütün bunlar bir daha təsdiqləyir ki, müasirləşən ölkəmizdə yüksək səviyyəli xidməti ilə seçilən mehmanxanaların inşası geniş vüsət almışdır və məşhur otel brendlərinin ölkəmizə olan marağı xeyli artmışdır. Yerləşdiyi ərazi və mənzərəsi baxımından nadirliyi ilə fərqlənən “Fairmont Baku” oteli təklif etdiyi xidmətlər baxımından bir çox brendləri üstələyir və ölkəmizin müasir turizm imkanlarını daha da artırır.
“Fairmont Baku”da yaradılan şəraitlə yaxından tanış olduqdan sonra dövlətimizin başçısı otelin kollektivi ilə görüşdü. Sonda xatirə şəkli çəkdirildi.
VİDEO
president.az