Amerikalı kəndirbaz sığortalanmadan Böyük Kanyonun üstündən keçmişdir
25.6.2013

Amerikalı məşhur kəndirbaz Nik Vallenda 450 metrdən artıq yüksəklikdə çəkilmiş, uzunluğu 430 metrə yaxın olan metal burazla Böyük Kanyonun (Qrand-Kanyon) üzərindən keçmişdir.
Vallenda bu təhlükəli yola təxminən 23 dəqiqə vaxt sərf etmişdir.
Ən maraqlısı budur ki, kəndirbaz özünü sığortalamaq üçün əlavə qurğudan istifadə etməmişdir.
Vallenda bu tryukun icrasına təxminən 4 il hazırlaşmışdır. Məşqlərin final mərhələsi bir neçə həftə bundan əvvəl Florida ştatında başlamışdır. Orada uzunluğu 300 metr olan buraz nisbətən aşağı yüksəklikdə çəkilmişdir.
Məşq şəraitini real şəraitə yaxınlaşdırmaq üçün orada sürəti saatda 80 kilometrə çatan güclü süni külək yaradılmışdır.
Sirkdə kəndirbazlar sülaləsinin nümayəndəsi olan Vallenda kanat üzərində ilk addımlarını iki yaşında ikən atmışdır. Vallendanın adı bir neçə dəfə Ginnesin Rekordlar Kitabına düşmüşdür. 2008-ci ildə o, təxminən 40 metr hündürlükdə çəkilmiş kanat boyunca 45 metr məsafəni velosipedlə qət etmişdir.
Keçən il Vallenda 50 metrdən artıq yüksəklikdə çəkilmiş buraz boyunca Niaqara şəlaləsinin üstündən keçmişdir.

AzərTac